MƏDƏNİYYƏT
“Şəhidlik şərəf, qeyrət zirvəsidir!” adlı videoçarx igid çavuş Ruslan Abbasova həsr olunub
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxanası “Şəhidlik şərəf, qeyrət zirvəsidir!” adlı videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın sosial hesablarında paylaşılan videoçarx Ruslan Abbasova həsr edilib.
Videoçarxda igid qəhrəmanımız qısa, ancaq şərəfli ömür yolundan bəhs olunur. Qeyd edilir ki, Ruslan Hikmət oğlu Abbasov 25 may 2000-ci ildə Bakı şəhərinin Sahil qəsəbəsində anadan olub. O, orta təhsilini Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına tam orta məktəbdə alıb. 2019-cu ilin aprelində Ruslan müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun çavuşu olan Ruslan Abbasov ötən il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərib. 14 oktyabr 2020-ci ildə cəbhənin Füzuli istiqamətində şəhid olub.
Şəhid 16 oktyabrda doğulduğu rayona gətirilərək, Lökbatan qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Ruslan Abbasov ölümündən sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.