REGİONLAR
Şəki məktəbliləri ümummilli lider Heydər Əliyevin xatirəsini daim əziz tuturlar VİDEO
Şəki, 9 dekabr, AZƏRTAC
Artıq bir neçə gündür ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Şəki rayonunun ümumtəhsil məktəblərində dahi rəhbərə həsr olunan xatirə tədbirləri davam edir.
Silsilə tədbirlər çərçivəsində bu günədək rayonun ümumtəhsil məktəblərində konfranslar, “dəyirmi masa”lar, “Valeh olduğum insan” mövzusunda inşa, həmçinin şeir və rəsm müsabiqələri keçirilib, idmanın müxtəlif növləri üzrə turnirlər təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirlər planına uyğun olaraq, dekabrın 9-da şəhər 14 nömrəli tam orta məktəbdə Ulu Öndərə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbir iştirakçıları əvvəlcə foyedə Ümummilli Liderə həsr olunan kitab sərgisinə baxıblar.
Məktəb kollektivinin, təhsil işçilərinin iştirak etdikləri tədbirdə bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr edən böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz tarixi xidmətləri barədə danışılıb, onun əziz və nurlu xatirəsinin daim qəlblərdə yaşayacağı, müqəddəs ruhunun xalqımızın yoluna daim işıq saçacağı vurğulanıb.
Məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.