CƏMİYYƏT


Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib

Bakı, 13 oktyabr, AZƏRTAC

Şəkidə, məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi nümayəndəliyinin təşəbbüsü, Şəki Şəhər Mərkəzi Xəstəxanası rəhbərliyinin təşkilatçılığı ilə sağlamlıq aksiyası keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, müxtəlif ixtisaslı 11 həkimdən ibarət tibb briqadası qəsəbə sakinlərini müayinə edib, onlara yardım göstərib və məsləhətlər verib.

Bildirilib ki, ölkəmizdə səhiyyə sektorunun inkişaf etdirilməsi sosial sahədə dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsi və onların ən müasir avadanlıqlarla təchiz olunması, səhiyyə işçilərinin peşə səviyyəsinin yüksəldilməsi əhalinin sağlamlığının qorunmasına xidmət edir. Hər bir vətəndaş dövlət xəstəxanalarına müraciət edərək ödənişsiz müalicə və müayinə oluna bilər.

Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini, o cümlədən tibbi xidmətlə təminatını daim diqqətdə saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu məcburi köçkünlərin, eləcə də bütün vətəndaşların müraciətlərinə həssaslıqla yanaşır, onların müayinə və müalicəsinin təşkilinə, mürəkkəb cərrahiyə əməliyyatlarının icrasına yardım göstərir. Dövlətimizin başçısının tapşırığı ilə məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə tibb məntəqəsi yaradılır və sakinlərin istifadəsinə verilir.

Aksiya zamanı məcburi köçkünlərə stomatoloji, kardioloji, endokrinoloji və digər xəstəliklər üzrə müayinədən keçmək imkanı yaradılıb. Həkimlər briqadası 100 nəfərdən çox məcburi köçkünü müayinə edib. Ağır xəstələr və cərrahiyyə əməliyyatına ehtiyacı olanlara Bakı şəhərindəki xəstəxanalara göndəriş verilib.

Şəki şəhərində növbəti sağlamlıq aksiyasının məcburi köçkün ailələrinin yaşadığı Turan qəsəbəsində keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.