REGİONLAR
Şəkikənd “mavi yanacaq”la təmin olunub
Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 20-də Şəki rayonunun Şəkikənd kəndinə ilk dəfə təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 485 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 5 min 782 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 25 min 203 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Şəkinin Kiçik Dəhnə və Baş Göynük kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.