REGİONLAR
Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarında buraxılış imtahanları uğurla yekunlaşıb
Tovuz, 18 mart, Famil Quliyev, AZƏRTAC
Martın 18-də Dövlət İmtahan Mərkəzinin Gəncə regional bölməsinin əhatə etdiyi Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi uğurla başa çatıb.
Mərkəzin Gəncə regional bölməsinin müdiri Nəsimi Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün Şəmkirdə 6, Tovuzda 4, Ağstafada 2, Qazaxda 2 imtahan mərkəzi ayrılıb. İmtahanlarda Şəmkir rayonu üzrə 2467, Tovuz rayonu üzrə 1952, Ağstafa rayonu üzrə 944, Qazax rayonu üzrə 1015 nəfər 9-cu sinif şagirdi iştirak edib.
İmtahanlar saat 11-də başlayıb və 2 saat davam edib. İnşa yazan şagirdlərə test tapşırıqlarını cavablandırmaq üçün ayrılmış 2 saatlıq müddət qurtardıqdan sonra 30 dəqiqə əlavə vaxt verilib.
Buraxılış imtahanları 43 imtahan rəhbəri və 584 nəzarətçi müəllim tərəfindən idarə olunub. İmtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qayda pozuntusu qeydə alınmayıb.