REGİONLAR
Şəmkirdə şəhid ailələrinə mənzillər verilib VİDEO
Şəmkir, 16 mart, Ruslan Novruzoğlu, AZƏRTAC
Bu gün şəhid ailələrinə həm dövlətimiz, həm də cəmiyyətimiz tərəfindən yüksək diqqət və qayğı ilə yanaşılır. Qazilərimizin müalicəsinə, həmçinin şəhid ailələlərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi önəm verilir. Bu işlərin davamı olaraq Novruz bayramı ərəfəsində Şəmkirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə şəhid ailələrinə mənzillər təqdim edilib.
AZƏRTAC xəbər verir ki, mənzillə təmin olunanlardan biri də şəhid Mətləb Zamanovun ailəsidir. Bu ailəyə 2019-cu ildə inşa edilən, Şəmkir şəhəri Nəriman Nərimanov küçəsində yerləşən dördmərtəbəli yaşayış binasından bütün məişət təminatı ilə təmin edilən tam təmirli, 4 otaqlı mənzil verilib.
“Mətləb balalarını canından çox sevirdi, onlara xüsusi qayğı ilə yanaşardı. Mən də nəvələrimi onun kimi böyüdəcəyəm. Sağ olsun Prezidentimiz, bizə 4 otaqlı mənzil verdi. Həmişə ona minnətdarıq”,- deyə şəhidin anası Gülpəri Zamanova bildirib.
Həmin binadan mənzillə təmin olunanlar arasında şəhid Emin Alməmmədovun ailəsi də var. Bu ailəyə 3 otaqlı mənzil verilib. Yeni mənzildə şəhidimizin 2 övladı böyüyəcək. Şəhid anası bu gün qürurludur. Axı, Vətən torpaqlarının azad olunmasında onun övladı Eminin də böyük xidmətləri olub. O, Murovdağda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Torpaqlarımız məhz qazilərimiz və şəhidlərimizin qəhrəmanlıqları sayəsində azaddır.
Şəhid anası Xədicə Abdullayeva deyib: “Oğlumun ailəsi evlə təmin olundu. Balamın mənzilə ehtiyacı var idi. Arzulayırdı ki, evi olsun. O arzu da bu gün reallaşdı. Bu, ən gözəl bayram hədiyyəsidir”.
İndi hər bir şəhid ailəsi bizlərə əmanətdir. Hər kəs bu əmanətə hörmət etməli, qayğı göstərməlidir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı, qəbul edilən qərarlar, imzalanan fərman və sərəncamlar Vətən müharibəsində Zəfər tariximizi yazan qəhrəmanlarımızın, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Həyata keçirilən tədbirlər deməyə əsas verir ki, dövlətimiz şəhid ailələrinin mənzillə təminatını bundan sonra da diqqətdə saxlayacaq, onların sosial müdafiəsini daha da gücləndirəcək.