İQTİSADİYYAT
Sənayedə qeyri-dövlət sektorunun payı 82,9 faiz olub
Bakı, 17 mart, AZƏRTAC
Yanvar-fevral aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 4 faiz azalaraq 7,1 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,3 faiz azalması hesabına baş verib, sənayenin qeyri-neft-qaz sektorunda isə məhsul istehsalı 12,1 faiz artıb. Sənaye məhsulunun 64,1 faizi mədənçıxarma, 29,1 faizi emal, 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 82,9 faiz olub. Ümumi istehsalın 89,3 faizi sənaye məhsullarının istehsalı, 10,7 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında martın 1-nə 647,8 milyon manatlıq hazır məhsul olub. Ehtiyatların 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 53,5 faizi Bakı, 7,8 faizi Sumqayıt, 6,2 faizi Şirvan, 5,6 faizi Gəncə şəhərlərinin, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 96,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.