CƏMİYYƏT
Sənin adınla bağlıdır bu xalqın hər zəfəri…
Bakı, 10 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyevin həyat və çoxşaxəli fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən videoçarxın nümayiş olunması ilə başlayan tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dünya şöhrətli siyasətçinin keçdiyi şərəfli həyat yolundan, xalqımızın parlaq gələcəyi naminə apardığı mübarizə və xalqı qarşısında müstəsna xidmətlərindən bəhs edib.
Qeyd olunub ki, xalqın böyük oğlu Heydər Əliyev həyatını tamamilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü, ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr edib. Görkəmli şəxsiyyət sarsılmaz iradəsi ilə hər zaman azərbaycançılıq prinsiplərini rəhbər tutaraq, milli qürur, milli mənlik şüurunun formalaşmasına, xalqın rifah halının gücləndirilməsinə, müstəqilliyə qovuşmasına danılmaz töhfələr verib. Ulu Öndərin qurub yaratdığı müasir Azərbaycan dövləti onun siyasi xəttinə hər zaman sadiq qalan layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir, onun ideyaları mükəmməl şəkildə həyata keçirilir və ümummilli liderin ən müqəddəs arzusu – Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında Azərbaycan torpaqlarının işğaldan azad edilməsi artıq yerinə yetirilib.
Dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanla bağlı böyük arzuları bundan sonra da dövlət başçısının dəmir yumruğu sayəsində bütünlüklə gerçəkləşdiriləcək.
Tədbirdən sonra dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Agentliyin əməkdaşları Fəxri xiyabana gedərək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.