REGİONLAR
Sərdar Cəlaloğlu: Şuşa Azərbaycanın həm tarixində, həm də ədəbiyyatında özünəməxsus yer tutur
Şuşa, 8 oktyabr, Səlim Rəhimzadə, AZƏRTAC
Şuşa haqqında geniş məlumatım olmasına baxmayaraq, ilk dəfədir buraya səfər edirəm. Şuşa Azərbaycanın həm tarixində, həm də ədəbiyyatında özünəməxsus yer tutur.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Prezident Administrasiyası tərəfindən siyasi partiya rəhbərlərinin, habelə tanınmış politoloq və siyasi şərhçilərin Şuşaya təşkil olunan səfəri zamanı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
“İşğaldan azad olunmuş Şuşanı görmək bizim üçün çox əlamətdar hadisədir. Buraya ziyalılar, ictimaiyyət nümayəndələri gəlir, festivallar keçirilir və Şuşa yenidən Azərbaycan mədəniyyətinə qayıdır. Bizim hər birimiz Şuşaya lazım olan dəstəyi göstərməliyik ki, bu şəhər yenidən ədəbiyyatımızın və mədəniyyətimizin mərkəzinə çevrilsin. Bu şəhəri görmək əvəzedilməz hissdir. Eyni zamanda, buranın küçələrinə baxarkən hiss olunur ki, ermənilər buraya yad olublar. Şəhər onlara məxsus olmadığı üçün burada heç bir yeni tikinti aparılmayıb. Yolda gələrkən Füzuli rayonunda kəndlərin dağıdıldığının, viran qoyulduğunun şahidi olduq. Ermənilərin Qarabağı dağıtmaları, evləri yandırmaları göstərir ki, bura onlar üçün yaddır”.