CƏMİYYƏT
Sərnişindaşıma fəaliyyətində çalışan sürücülər hüquq və vəzifələri barədə məlumatlandırılıb
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakı Beynəlxalq Avtovağzal Kompleksində sürücü və sərnişinlərlə görüş keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, avtovağzal kompleksinin rəhbərliyi ilə birgə təşkil olunmuş tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli, həmin şöbənin inspektoru, polis leytenantı Elvin Hacıyev və Yol Polisi Xidməti Alayının qərargahının inspektoru, polis mayoru Səbuhi Məmmədov iştirak edib.
Görüş zamanı sərnişindaşıma fəaliyyəti kimi məsuliyyətli sahədə çalışan sürücülərə hüquq və vəzifələri haqqında bir daha məlumat verilib. Bununla yanaşı səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin tibbi yoxlamadan keçməsi, eləcə də iş və istirahət rejiminə əməl olunması kimi vacib məsələlərin nəzarətdə saxlanılması istiqamətində təbliğat-təşviqat işi aparılıb, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qaldırılan məsələlər üzrə nəzarətin gücləndirildiyini vurğulayan avtovağzal rəhbərliyi, eləcə də tədbirə qatılan sürücü və sərnişinlər yol polisi ilə birgə əməkdaşlığın hər zaman faydalı olduğunu bildiriblər.