İQTİSADİYYAT
“Şərq Bazarı”nda “Arşın mal alan” satış-sərgi yarmarkası keçirilir
Bakı, 5 avqust, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBKSA) və “Kazımlı Agency”nin təşkilatçılığı ilə “Şərq Bazarı”nda “Arşın mal alan” milli satış-sərgi yarmarkası təşkil olunub.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, ilk dəfədir keçirilən tədbirin məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır.
Yarmarkada 90-a yaxın biznes subyekti tərəfindən tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və sair məhsullar, eləcə də xidmətlər təqdim olunur.
Tədbir çərçivəsində, həmçinin öz biznesini genişləndirmək istəyən sahibkarlar üçün ikitərəfli görüşlər və ekspertlərin iştirakı ilə məsləhət saatları təşkil edilib, uğurlu iş adamları ilə təcrübə mübadiləsi, tanınmış simalarla görüş imkanı yaradılıb.
Konsert proqramı ilə müşayiət olunan yarmarkada uşaqlar üçün master klaslar və sair əyləncəli tədbirlər də təşkil ediləcək.
Tədbirin açılışında iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, deputat Vüqar İskəndərov belə tədbirlərin yerli məhsulların tanıdılmasında, KOB-ların satış imkanlarının genişləndirilməsində önəmi barədə fikirlərini bölüşüblər.
Yarmarka avqustun 7-dək davam edəcək.