CƏMİYYƏT
Şərq Tərəfdaşlığının altı ölkəsində gənc Avropa səfirlərinin sayına görə Azərbaycan birinci yerdədir
Bakı, 5 oktyabr, AZƏRTAC
Şərq Tərəfdaşlığının altı ölkəsində cəmi 492 gənc Avropa səfiri var. Bu siyahıda 123 gənc səfirlə təmsil olunan Azərbaycan birincidir. Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi “Avropa Gənclər İli” çərçivəsində Avropa şəhərciyi, Avropa yay məktəbi, Aİ Gənclər yarışması, Avropada Təhsil sərgisi olmaqla bir sıra tədbirləri dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko oktyabrın 5-də keçirilən mətbuat konfransında söyləyib.
Səfir, həmçinin qeyd edib ki, Avropa İttifaqı ölkələri biznesə başlamaq, yeni bacarıqlar əldə etmək, təlim keçmək, "Erazmus+" proqramı vasitəsilə Avropada təhsilin səviyyəsini artırmaq məqsədilə gəncləri dəstəkləməkdə davam edir. Peter Mixalko, eyni zamanda, COVID-19 pandemiyası dövründə tibb sahəsində gənc peşəkarların səhiyyədə yaşanan böhranla mübarizə aparmaları və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən vaksinasiya proqramının dəstəklənməsinə qatılmaları kimi səylərinin əhəmiyyətini də vurğulayıb.