CƏMİYYƏT
Sərt karantin rejiminin elan edildiyi rayonlardan Qəbələyə istirahətə gələnlər cərimələniblər VİDEO
Bakı, 10 avqust, AZƏRTAC
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həftəsonu Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan edilən digər şəhər və rayonlardan qaydaları pozaraq, istirahət məqsədilə rayona gələn şəxslər müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində yerləşən otellərdə, gündəlik kirayə evlərdə keçirilən reydlər zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan şəhər və rayonlardan qaydaları pozaraq gələn şəxslərin həmin yerlərdə istirahət etdikləri məlum olub. Onlar məsuliyyətdən yaxa qurtarmaq üçün müxtəlif bəhanələr gətirsələr də, xüsusi karantin rejiminin tələbləri barədə məlumatlandırılıb və qaydaları pozduqları bildirilib. Həmçinin nəqliyyat vasitələri də yoxlanış məqsədilə saxlanılıb. Bəzi sürücü və sərnişinlərin də qaydaları pozaraq, istirahət məqsədilə rayona gəldikləri məlum olub.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimələniblər.