İQTİSADİYYAT


Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır

Ər-Riyad, 19 aprel, AZƏRTAC

Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları"nın (AZAL) Səudiyyə Ərəbistanının bir sıra şəhərinə yeni istiqamətlərinin təqdim olunması münasibətilə Ər-Riyadda təşkil etdiyi "Azərbaycan şahinin gözü ilə" adlı mərasim Krallığın nüfuzlu kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının çoxtirajlı rəsmi Ər-Riyad qəzetinin aprelin 17-dəki sayında “Tələbatın artması ilə əlaqədar “Azərbaycan Hava Yolları” Bakıya birbaşa reyslər açmağa başlayır” sərlövhəli məqalə dərc olunub.

Məqalədə səudiyyəli turistlərin Azərbaycana marağının artmasını və bu ölkəyə turist axınının getdikcə çoxalmasını nəzərə alaraq "Azərbaycan Hava Yolları"nın Səudiyyə Ərəbistanının əsas hava limanlarından Bakıya birbaşa uçuşlara başlayacağı oxucuların diqqətinə çatdırılıb.

Məqalədə AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu iqtisadi siyasət nəticəsində respublikamızın son dövrlərdə dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini vurğuladığı qeyd olunub. Hazırda Azərbaycan böyük potensiala malik mədəniyyət və turizm mərkəzi olmaqla öz rəngarəng iqlimi, gözəl təbiəti, zəngin tarixi-mədəni irsi ilə bütün dünyadan qonaqları ən yüksək səviyyədə qəbul etməyə hazır olduğu, ölkəmizdə ən müasir istirahət, əyləncə və ticarət mərkəzlərinin fəaliyyət göstərdiyi və dünyanın məşhur beşulduzlu otel brendlərinin respublikamızda cəmləşdiyi diqqətə çatdırılıb. “Azərbaycan Hava Yolları”nın Səudiyyə Ərəbistanının aviasiya bazarında öz xidmətlərinin yüksək keyfiyyəti ilə seçiləcəyinə ümid ifadə olunub.

http://worldcup.alriyadh.com/1750312

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.