DÜNYA
Səudiyyə Ərəbistanı neft satışı üzrə hesablaşmalarda dollardan istifadəyə davam edir
Qahirə, 8 aprel, AZƏRTAC
Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falih bəyan edib ki, Səudiyyə Ərəbistanı neft satışı üzrə hesablaşmalarda dollardan istifadəyə davam edir və bu məsələdə heç bir dəyişiklik yoxdur.
AZƏRTAC xəbər verir ki, KİV-in Səudiyyə Ərəbistanının neft satışı zamanı hesablaşmalarda dollardan imtina edəcəyi barədə sualını cavablandıran nazir deyib: “Əlbəttə, bizim həmişəki siyasətimizdə heç bir dəyişiklik yoxdur”.
Qeyd edək ki, ötən həftə Krallığın energetika siyasəti ilə yaxından maraqlanan üç mənbə Reuters agentliyinə bəyan etmişdi ki, guya Səudiyyə Ərəbistanı Birləşmiş Ştatlarda OPEC təşkilatını antimonopoliya qanununa tabe etdirən qanun layihəsinin qəbul ediləcəyi təqdirdə hesablaşmaları başqa valyutalarla aparacağını bildirib və Vaşinqtonu təhdid edib.
Bildirilir ki, NOPEC adlanan (No Oyl Producing and Exporting Cartels Act) qanun layihəsi ABŞ hökumətinə OPEC-in ayrı-ayrı üzvlərinə qarşı antimonopoliya iddiaları qaldırmağa, həmçinin Amerika məhkəmələrinə bu iddialara baxmağa hüquqi zəmin yaradacaq.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə