MƏDƏNİYYƏT


Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib

Daşkənd, 20 sentyabr, AZƏRTAC 

Azərbaycan klassik poeziyasının görkəmli nümayəndəsi və maarifçi Seyid Əzim Şirvaninin bu il tamam olan 185 illiyinə layiqli hədiyyə hazırlanıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bu günlərdə Daşkənddə Seyid Əzim Şirvaninin qəzəlləri toplusu ayrıca kitab halında nəşr olunub. İlk dəfədir ki, XIX əsr Azərbaycan poeziyasının bu parlaq təmsilçisinin əsərləri belə geniş həcmdə xarici oxuculara təqdim edilir.

Samir Abbasovun rəhbərlik etdiyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi son illərdə respublikamızın Özbəkistanla ədəbi-mədəni əlaqələrinə töhfə sayılası bir sıra dəyərli işlər görüb. Bu istiqamətdə həyata keçirilmiş layihələr cərgəsində Nizami Gəncəvi “Xəmsə”sinin tam halda özbək dilinə tərcümə edilərək nəfis şəkildə nəşr olunması xüsusilə diqqətəlayiqdir.

Seyid Əzim Şirvaninin Daşkənddə işıq üzü görən “Qəzəllər” kitabının ilk məziyyəti isə ondan ibarətdir ki, adı Yaxın və Orta Şərq xalqları arasında məşhur olan bu şairin daim qiraətçilərin və xanəndələrin ifasında Azərbaycandan kənarda da məşhur olmuş şeirləri birinci dəfə belə geniş həcmdə və yüksək keyfiyyətli tərcümədə təqdim olunur. Daşkənddəki “VneşinvestProm” nəşriyyatında gözəl bədii tərtibatda buraxılmış “Qəzəllər” kitabının tərcüməçisi Özbəkistanın tanınmış şairi Tohir Qahhardır. Kitaba Seyid Əzim Şirvaninin 233 qəzəlinin bədii tərcüməsi daxil edilib.

Kitaba yazdığı geniş müqəddimədə Azərbaycan Milli Məclisinin deputatı, akademik Rafael Hüseynov əvvəlcə Seyid Əzim Şirvaninin həyatı, ədəbi irsi, Azərbaycan maarifi və qəzetçiliyinin inkişafındakı xidmətləri barədə ətraflı məlumat verdikdən sonra belə bir ümidini ifadə edir ki, ilk dəfə Əlişir Nəvainin şirin özbəkçəsində danışan Azərbaycan şairi məhz belə uğurlu tərcümənin vasitəsilə müasir özbək oxucularının da ən sevilən şairlərindən birinə çevriləcək. Akademik Rafael Hüseynovun qələmə aldığı müfəssəl müqəddiməni Seyid Əzim Şirvaninin əlyazmalarından fraqmentlər, tarixi fotolar, eləcə də Azərbaycan rəssamlarının müxtəlif illərdə çəkdikləri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində saxlanan rəsm əsərlərinin reproduksiyaları bəzəyir. Qeyd etmək lazımdır ki, yeni kitabın bədii tərtibatı da Nizami muzeyində gerçəkləşdirilib. Nəşrin hazırlanmasında yaxından iştirak etmiş Kərimulla Məmmədzadə, Gülbahor Aşurova, İbrohim Haqqulov, Erqaş Oçilov, Kəbirə Haşımova böyük şeir-sənət ustadının xatirəsinə layiq kitabın ortaya çıxması üçün ciddi səy göstəriblər.

Yaxın vaxtlarda Seyid Əzim Şirvaninin özbəkcə nəşr edilmiş “Qəzəllər” kitabının Daşkənddə və Bakıda təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.