REGİONLAR
Şimal bölgəsində 30 yeni məktəb binası istifadəyə veriləcək VİDEO
Xaçmaz, 7 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Son üç ildə şimal regionunda 48 modul tipli məktəb binası istifadəyə verilib. 2020-2021-ci tədris ilində isə bölgədə daha 30 məktəb binasının istifadəyə verilməsi nəzərdə tutulub. Bunlardan 26-sı modul tipli məktəblərdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz rayon İlqar Məmmədov adına Xanlıqoba kənd ümumi orta məktəbi 1963-cü ildə istifadəyə verilib. Təhsil müəssisəsi istismar müddətini başa vurduğundan yenisi ilə əvəz olunur. Yeni qurulan modul tipli məktəb binası 80 şagird yerlikdir.
Məktəbin direktoru Əlican Əliyev bildirib ki, yeni məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin ediləcək. Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.
Xanlıqoba kəndi ilə yanaşı, 2020-2021-ci tədris ilində Xaçmazın daha 8 yaşayış məntəqəsində yeni modul tipli məktəb binası qapılarını şagirdlərin üzünə açacaq. Bundan başqa, Xudat şəhərində 432 şagird yerlik təhsil müəssisəsi də bu il istifadəyə veriləcək.