REGİONLAR
Şirvanda məcburi köçkün ailələri üçün yeni qəsəbə salınır
Şirvan, 5 fevral, Mahir Babayev, AZƏRTAC
Dövlətimizin başçısının tapşırığı ilə Şirvan şəhərində məcburi köçkün ailələri üçün yeni qəsəbə salınır. On hektar ərazidə salınan qəsəbədə 13 doqquzmərtəbəli bina inşa ediləcək və burada 685 köçkün ailə yeni mənzillə təmin olunacaq.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Şirvan şəhəri üzrə nümayəndəsi Fəxrəddin Niftəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Şirvan şəhərində 606 məcburi köçkün ailəsi yaşayır. Onlar şəhərdəki idarə, müəssisə və təşkilatların inzibati binalarında, qohum və tanışlarının evində məskunlaşıblar. Qəsəbənin tikintisi başa çatdıqdan sonra şəhərdə məskunlaşmış bütün məcburi köçkün ailələri yeni salınan qəsəbəyə köçürüləcək.
Qəsəbənin tikintisinə bu ilin əvvəllərində başlanılıb. İşlərin tez və keyfiyyətlə aparılması üçün inşaat işlərinə 17 təşkilat, 500-ə yaxın işçi qüvvəsi, 50-dən çox texnika cəlb olunub. Artıq tikintidə torpaq işləri tamamlanıb. Hazırda zirzəmilərdə dəmir-beton işləri aparılır. Qəsəbədə yaşayış evləri ilə yanaşı, 540 yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, klub, tibb məntəqəsi, rabitə evi, elektrik yarımstansiyası, qazanxana və su hovuzları da tikiləcək. Həmçinin yaşıllıqlar salınacaq, yollara asfalt örtüyü vurulacaq. Ümumiyyətlə, burada sakinlərin rahat yaşamaları və istirahəti üçün bütün lazımi şərait yaradılacaq.
Tikinti işlərinin bu ilin avqust ayına kimi başa çatdırılması nəzərdə tutulur.