REGİONLAR
Siyəzəndə gənc rəssamlar arasında rəsm müsabiqəsinin qalibləri müəyyənləşib
Siyəzən, 28 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə gənc rəssamlar arasında “Narkotiklərə yox de!” mövzusunda rəsm müsabiqəsinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin Rayon Təhsil Şöbəsilə birlikdə təşkil etdiyi müsabiqəyə 30-dan çox əl işi təqdim edilib.
Oktyabrın 12–28-də keçirilən müsabiqə “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrasının təmin olunması, gənclər arasında sağlam həyat tərzinin təbliği, gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədi daşıyıb.
Müsabiqənin yekun nəticəsinə əsasən Şərqiyyə Zeynalova I, İlkay İsmayılova II, Zəhra Qəniyeva III yerə layiq görülüb. Ləman Novruzova, Ruqiyyə Səmədova, Yazxanım Abbasova və Zərda Əsgərova həvəsləndirici yerlərə layiq görülüblər.