REGİONLAR
Son 14 ildə Beyləqanda 20 məktəb binası inşa edilib, 5 məktəb əsaslı təmir olunub
Beyləqan, 11 sentyabr, AZƏRTAC
Respublikamızın bütün bölgələrində olduğu kimi, Beyləqan rayonunda da təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. 2004-2018-ci illərdə rayonda 20 məktəb binası inşa edilib, 5 məktəb əsaslı təmir olunub. Yeni tikilən və əsaslı təmir olunan məktəblər müasir avadanlıqlarla tam təchiz edilib. Hazırda Xalac kənd tam orta məktəbinin binası əsaslı təmir edilir. Gödəklər və Əhmədli kəndlərində isə modul tipli məktəb binaları quraşdırılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Beyləqan Rayon Mədəniyyət Mərkəzində keçirilən təhsil işçilərinin ənənəvi sentyabr konfransında məlumat verilib.
Rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın hesabat məruzəsində 2017-2018-ci tədris ilində görülən işlər ətraflı təhlil edilib, qarşıda duran vəzifələrə toxunulub.
Məlumat verilib ki, 2017-2018-ci dərs ilində rayonda 1 lisey, 45 tam orta, 6 ümumi orta və 2 ibtidai məktəb, 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərib. 13 min 95 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1812 müəllim məşğul olub. Rayonun orta ümumi təhsil məktəblərini bitirən məzunlardan 241 nəfər qəbul imtahanlarında uğurlu nəticə göstərib.
Konfransda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aytən Mirzəyeva və Təhsil Nazirliyinin nümayəndəsi Elxan Bayramov təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb, təhsilə göstərilən dövlət qayğısından, təhsil işçilərinin qarşısında duran vəzifələrdən, məktəblərdə tədrisin keyfiyyətini daha da yüksəldilməsi, şagirdlərdə vətənpərvərlik hislərinin aşılanması istiqamətində həyata keçiriləcək layihələrdən danışıblar.