CƏMİYYƏT
Sumqayıt şəhərində tullantıların yandırılması faktı aşkar edilib
Bakı, 14 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Sumqayıt şəhərinin bir qrup sakini tərəfindən məişət tullantısı poliqonunda tullantıların yandırılması ilə bağlı daxil olan şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı həmin poliqonda tullantıların yandırılması faktı aşkar edilib. Faktla bağlı poliqona cavabdeh olan fiziki şəxs Seymur Abbasov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 500 manat məbləğində cərimə edilib. Baş vermiş qanun pozuntusunun təcili aradan qaldırılması üçün ona müddətli “məcburi göstəriş” verilib. Eyni zamanda, poliqonda məişət tullantılarının zərərsizləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət olunub.