REGİONLAR
Sumqayıtda insanların sağlamlığı keşiyində məsuliyyətlə dayanan minlərlə səhiyyə işçisi var
Sumqayıt, 17 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Həkimlik çox nəcib peşədir. İnsanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli vəzifədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təşkil olunan tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyib.
“Sumqayıtda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığı keşiyində məsuliyyətlə dayanan minlərlə səhiyyə işçisi var. Şəhərin səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Son 3 ildə 2 nömrəli Doğum Evi, 1, 2 , 3 və 4 nömrəli poliklinikalar, Stomatoloji və Uşaq poliklinikaları, Onkoloji Xəstəxana, Uşaq Xəstəxanasının yoluxucu xəstəliklər korpusu, və 1 saylı Qadın Məsləhətxanası əsaslı təmir olunub. Hazırda bir necə tibb müəssisəsində təmir işləri davam etdirilir”,- deyə şəhər icra hakimiyyətinin başçısı vurğulayıb.
Zakir Fərəcov bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.
Sumqayıtda çalışan bütün tibb işçilərini təbrik edərək Z. Fərəcov bir qrup tibb işçisini şəhər icra hakimiyyətinin fəxri fərmanları ilə təltif edib, onlara bu vacib və nəcib peşələrində uğur və müvəffəqiyyətlər arzulayıb.
Çıxış edənlər şəhərdə bütün sahələrdə gedən abadlıq-quruculuq işlərini razılıqla qarşılayıb, eləcə də tibb müəssisələrinin əsaslı təmir olunmasını və müasir səviyyədə təchiz edilməsini dövlət başçısının Sumqayıta göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.
Qeyd edilib ki, Sumqayıt şəhəri üzrə ümumilikdə 26 tibb ocağı fəaliyyət göstərir. Onlardan 16-si stasionar, 10-u isə poliklinika və dispanserlərdir. 1049 həkim və ümumilikdə 5044 tibb işçisi əhalinin sağlamlığının keşiyində dayanır. Tibb ocaqlarında 8 tibb üzrə fəlsəfə doktoru və 9 Əməkdar Həkim çalışır.
Tədbir süfrə arxasında konsert proqramı ilə davam edib.
Şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər əhalisinin sağlamlığı keşiyində duran səhiyyə işçiləri və veteranlar iştirak ediblər.