CƏMİYYƏT
Suraxanı rayonunda keçirilən yaşıllaşdırma aksiyası çərçivəsində 600-dən çox ağac əkilib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Suraxanı Rayon İcra Hakimiyyəti ilə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində 600-dən çox ağac əkilib.
Bu barədə AZƏRTAC-a dövlət agentliyinin mətbuat xidmətindən bildirilib.
Aksiya agentliyin çoxmənzilli binaların tikintisi üzrə növbəti layihəsi - Hövsan Yaşayış Kompleksi üçün Bakı şəhərinin Suraxanı rayonunda ayrılmış ərazidə təşkil olunub.
Qeyd edilib ki, respublika ərazisində ekoloji mühitin sağlamlaşdırılması müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən prioritet məsələlərdən biri kimi müəyyənləşdirilib. Ulu Öndərin ölkədə təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması, paytaxtda və digər şəhərlərdə yaşıllıq zolaqlarının genişləndirilməsi ilə bağlı təşəbbüslərin reallaşdırılması dövlət siyasətinin əsasını təşkil edir.
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərini rəhbər tutan Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikiləcək yaşayış komplekslərinin layihələndirilməsi zamanı ərazidə sağlam və ekoloji cəhətdən təmiz ətraf mühitin təmin olunmasına xüsusi diqqət yetirilir. Aksiyanın daha bir məqsədi cəmiyyətdə ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə verməkdir.
Ümummilli Liderin doğum günündə keçirilən aksiya zamanı əkilmiş 600-dən çox yeni ağac da daxil olmaqla, ərazidəki mövcud şam, küknar, zeytun və badam ağaclarından ibarət 2000-dən çox bitkiyə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik və abadlaşdırılma işləri aparılıb.