REGİONLAR
“Şuşa İli”nə həsr olunmuş “Cənnətim Qarabağ” adlı musiqili-ədəbi kompozisiya təqdim edilib
Naxçıvan, 17 iyun, AZƏRTAC
Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagirdlərinin “Şuşa İli”nə həsr edilmiş “Cənnətim Qarabağ” adlı musiqili-ədəbi kompozisiyası təşkil olunub.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun könüllü gəncləri və Mədəniyyət Nazirliyinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri iştirak ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi Hicran Sadıqzadə çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan edilib. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbə bizi doğma Qarabağımıza, o cümlədən Şuşaya qovuşdurdu. “Şuşa İli” çərçivəsində bu tarixi Zəfərimizi böyük təntənə ilə qeyd edirik.
Diqqətə çatdırılıb ki, Sərəncamın icrası məqsədilə təsdiq olunmuş müvafiq “Tədbirlər Planı”na uyğun olaraq gimnaziyanın Teatr və Musiqi şöbələrinin şagirdlərinin iştirakı ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Belə tədbirlərdən biri də Naxçıvan şəhərində keçirilir.
Daha sonra gimnaziyanın müəllim və şagirdlərinin ifasında rəngarəng konsert proqramı təqdim edilib. Konsert proqramında səslənən musiqi nömrələri, qiraət olunan şeirlər və şagirdlər tərəfindən təqdim edilən səhnəciklər tamaşaçılarda xoş təəssürat yaradıb. Klassik Azərbaycan bəstəkarlarının əsərləri, Vətənimizə və ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər, Qarabağın baş tacı Şuşanı vəsf edən mahnılar tədbiri daha yaddaqalan edib.