MƏDƏNİYYƏT


“Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir

Bakı, 15 avqust, AZƏRTAC

"Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimatlardan biri XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından yazıçı-publisist, tərcüməçi, tədqiqatçı, naşir, redaktor, diplomat, ictimai-siyasi xadim, istiqlal mücahidi Ceyhun Hacıbəyliyə həsr olunub.

Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 1891-ci il fevral ayının 3-də Şuşada anadan olub. İlk təhsilini Şuşada ikisinifli rus-tatar məktəbində alıb, daha sonra isə təhsilini Bakıda real məktəbində davam etdirib. İlk mətbu hekayələrini "Proqres" qəzetinin 1907-ci il tarixli 5-ci nömrəsində dərc etdirib. 1908-ci ildə Əli bəy Hüseynzadənin müdir olduğu "Səadət" məktəbində dərs deyib.

1909-cu ilin yayında təhsilini davam etdirmək üçün Parisə gedib. Əvvəl Sorbonna Universitetində, sonra isə Ali Politexnik Elmlər Məktəbində təhsilini davam etdirib.

Mühacirətdən əvvəl (1919-cu ildən) "Kaspi", "Proqres", "Bakı", "Azərbaycan" və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirən C. Hacıbəyli həmin dövrdə "Известия" (Kaspidə), "İttihad" və "Azərbaycan" (rus dilində) qəzetlərinin redaktoru olub.

1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransında iştirak edib. AXC işğal edildikdən sonra isə mühacirətdə fəaliyyət göstərib.

Ceyhun bəy Fransada yaşayarkən bir sıra mətbu orqanlarla əməkdaşlıq edib, Parisdə fransız dilində nəşr olunan "Qafqaz" jurnalının redaktoru olub.

Vəfatından üç gün əvvəl 1962-ci il oktyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna məktub ünvanlayıb. Həmin məktubda o, Azərbaycanın İstiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzulayıb.

Ceyhun Hacıbəyli 1962-ci il oktyabrın 22-də Parisdə dünyasını dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.