MƏDƏNİYYƏT


“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir

Bakı, 9 avqust, AZƏRTAC

"Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində təqdimatlardan biri pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir Haşım bəy Vəzirova həsr olunub.

Haşım bəy Vəzirov 1867-ci ildə Şuşa şəhərində anadan olub və ilk təhsilini də orada alıb. Onun ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri olub. İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra İrəvan, Bərdə, Şəki və Şuşada müəllimlik edib. Bir müddət isə Şuşada yaradılan müsəlman-rus məktəbinin müdiri işləyib, Şuşa Realnı məktəbinin hazırlıq sinfində ana dilindən dərs deyib.

Pedaqoji fəaliyyət Vəzirova xalqının məişətinin daha dərindən öyrənilməsinə imkan yaradıb. Xalq həyatından, məişətdən öyrəndikləri onun bir yazıçı-jurnalist kimi fəaliyyətinə səmərəli təsir göstərib. Haşım bəy müdir işlədiyi məktəbdə sərt bir nizam-intizam yaratmaqla yanaşı, savadsızlar üçün axşam kursları da açıb. O, bütün varlığı ilə millətinin savadlanmasına, məktəbə gələn hər bir uşağın yüksək bilik almasına çalışıb.

Vəzirov 30 il ədəbi jurnalistika sahəsində fəaliyyət göstərib. Haşım bəy "Tazə həyat", "İttifaq", "Səda", "Kavkazets", "Sədayi-vətən", "Sədayi-həqq", "Sədayi-Qafqaz" qəzetlərini və "Məzəli" jurnalını nəşr etdirib.

Mir Haşım bəy 1905–1906-cı illərdə erməni quldurlarına qarşı mübarizə aparıb. 1906-cı ildə hökumət tərəfindən tutulub, Stavropola sürgün olunmuşdur. 1906-cı ilin ortalarında sürgündən azad olunan Mir Haşım bəy Şuşaya, sonra Bakıya qayıdır və ömrünün axırınadək Bakını özünə daimi məskən edir.

Haşım bəyin rus dilindən Azərbaycan türkcəsinə bir neçə tərcüməsi də var. Bunların içərisində V. Şekspirin məşhur əsəri "Otello"nun tərcüməsini göstərmək olar. Əsər 1904-cü il avqustun 22-də Şuşada yerli həvəskarlar tərəfindən tamaşaya qoyulmuş, Otello rolunu H.Vəzirov özü oynayıb.

Haşım bəy Vəzirov 1916-cı ildə vəfat edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.