REGİONLAR
Şuşa musiqi məktəblərinin hesabat konserti keçirilib
Sumqayıt, 16 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Şuşa musiqi məktəblərinin hesabat konserti keçirilib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa rayon nümayəndəliyinin musiqi məktəblərinin hesabat konserti Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, Vətənin ərazi bütövlüyü uğrunda şəhid olan igidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Şuşa rayon Malıbəyli kənd Uşaq musiqi məktəbinin xor kollektivi, “Şuşanın İnciləri” ansamblı, Quşçular kənd Uşaq musiqi məktəbinin Beynəlxalq Qran-Pri mükafatçısı, nağaralardan ibarət “Zəfər” ritm qrupu, Şuşa rayon Mədəniyyət evinin “Buta” rəqs qrupu, Bülbülcan adına Şuşa şəhər Uşaq musiqi məktəbi, Qaladərəsi, Turşsu, Xəlfəli kənd Uşaq musiqi məktəblərinin və Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət məktəbinin şagirdləri çıxış ediblər. Konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri, o cümlədən xalq mahnıları səslənib.
Sonda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev konsert iştirakçılarını təbrik edərək, uğurlar arzulayıblar. Bildirilib ki, Şuşanın mədəniyyət paytaxtı elan edilməsi Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qəhrəman oğulların qanı bahasına mümkün olub.