DÜNYA
TARİX MAGİSTRİ ABŞ MİLLİ ARXİVİNDƏN OĞURLUQ ETMİŞDİR
AZƏRTAC Assoşieyted Press agentliyinə istinadla xəbər verir ki, tarix və kitabxana işi magistri Denninq Maktaq ABŞ Milli Arxivindən Vətəndaş müharibəsi dövrünə aid 164 sənədin əslini oğurlayaraq, internet hərracında satışa çıxarmışdır.
Arxivlərə sərbəst gediş-gəlişi olan Maqtaq ABŞ-da Vətəndaş müharibəsinin 150 illiyi ilə əlaqədar sənədləri toplamaq və hazırlamaqla məşğul idi. O, məhkəmədə etiraf etmişdir ki, arxiv materiallarını adi qovluqda çıxarırmış.
Oğurladığı sənədlər arasında Müdafiə Nazirliyinin Prezident Avraam Linkolnun vəfatı haqqında orduda paylamaq üçün nəzərdə tutulan rəsmi məlumatı, habelə qoşunların silahlandırılması və bir çox məsələlər haqqında sənədlər var. Maktaqın oğurladığı 3 sənəd istisna olmaqla, qalanları yerinə qaytarılmışdır. Onların bir çoxunu alıcılar könüllü qaytarmışlar. Sənədlərin ümumi dəyəri 30 min dollardır.
Oğurluq faktının üstü Vətəndaş müharibəsi haqqında kitabların nəşri ilə məşğul olan “Gettysburg” nəşriyyatı sayəsində açılmışdır. Nəşriyyatın İnternetdə arxiv sənədlərinin satışı haqqında təklifə rast gələn əməkdaşları bu barədə Milli Arxivə məlumat vermişlər.
Təqsirini etiraf edən Maktaqı dövlət mülkiyyətini oğurladığı üçün 10 il həbs cəzası və 250 min dollar cərimə gözləyir.