SİYASƏT
TBİLİSİDƏ “CƏNUBİ QAFQAZ XXI ƏSRDƏ: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 3-də Tbilisidə “Cənubi Qafqaz XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans öz işinə başlamışdır. Yaponiyanın Sasakava Sülh Fondunun dəstəyi ilə Gürcüstan Strateji və Beynəlxalq Əlaqələr Fondunun təşkil etdiyi konfransda 31 ölkədən, o cümlədən Azərbaycandan, 120-dən çox nümayəndə, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.
Konfransı giriş sözü ilə açan Gürcüstan Strateji və Beynəlxalq Əlaqələr Fondunun direktoru Aleksandr Rondelinin təbrikindən sonra Sasakava Sülh Fondunun icraçı direktoru Onno Şuiçi çıxış edərək, 2005-ci ilin Qafqaz bölgəsi üçün vacib il olduğunu vurğulamış, Cənubi Qafqazın problemlərinin həlli baxımından Tbilisi konfransının mühüm rolu olacağına əminliyini söyləmişdir.
Üçgünlük konfransda Cənubi Qafqazda siyasi, iqtisadi, milli təhlükəsizlik və demokratik inkişaf məsələləri müzakirə olunacaq, Cənubi Qafqaz və beynəlxalq təhlükəsizlik, bölgənin müstəqillik və təhlükəsizlik baxımından perspektivləri, münaqişələrin həlli, Cənubi Qafqazda təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsində beynəlxalq təşkilatların rolu və digər məsələlər barədə fikir mübadiləsi aparılacaqdır.