CƏMİYYƏT
TDT-nin Baş katibi Azərbaycan Ağsaqqallar Şurasında olub
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Ağsaqqallar Şurasında Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüş keçirilib. Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, professor Eldar Quliyev, Azərbaycan Prezidentinin TDT-də səlahiyyətli nümayəndəsi, dövlət xadimi Həsən Həsənov, Şura sədrinin birinci müavini, deputat, akademik Əhliman Əmiraslanov, sədr müavini, deputat, professor Eldar İbrahimov, Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev və başqaları iştirak ediblər.
Şuradan AZƏRTAC-a bildirilib ki, Türk Dövlətlərinin Ağsaqqallar Şuraları arasında əlaqələrin mövcud vəziyyəti və bir çox sahələr üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirələrin aparıldığı görüşdə Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının yaranma tarixindən, 78 şəhər və rayonda yerli təşkilatı olan Şuranın fəaliyyətindən bəhs edib. Eldar Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin ağsaqqallara və onların təmsil olunduğu Şuraya yüksək diqqət və qayğı nümayiş etdirdiyini bildirib. Vurğulayıb ki, Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımın uğurla rəhbərlik etdiyi Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzv ölkələri ilə yaxın əməkdaşlıq əlaqələri var və Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə haqqında tarixi “Bir millət, iki dövlət” ifadəsi bu gün daha da genişlənərək “Bir millət, altı dövlət” formasında öz təsdiqini tapıb.
Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurası tərəfindən bu il mayın 3-də Bakı şəhərində türk dünyası qarşısında əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev və müasir Türk dünyası” adlı beynəlxalq konfransın keçiriləcəyini və bu tədbirə dili bir, dini bir, əqidəsi bir olan qardaş türk dövlətlərindən nümayəndələrin dəvət edildiyini diqqətə çatdırıb. O, həmçinin əmin olduğunu bildirib ki, Kubanıçbek Ömüralıyevin Baş katibi olduğu Türk Dövlətləri Təşkilatında təmsil olunan türkdilli ölkələrin və qardaş xalqların münasibətləri qarşılıqlı fayda və həmrəylik əsasında daha da inkişaf edəcək, göstərilən səylər ölkələrimizin və xalqlarımızın rifahına öz müsbət təsirini göstərəcəkdir.
Görüşdə Əhliman Əmiraslanov və Həsən Həsənov qədim tarixə malik olan ağsaqqallıq institutunun bu gün Azərbaycanda öz vəzifəsini layiqincə yerinə yetirməsindən bəhs edərək, təşkilat tərəfindən görülən əhəmiyyətli işlərdən, genişləndirilən beynəlxalq əlaqələrdən söz açıblar. Azərbaycan Ağsaqqallar Şurasının sıralarında ölkənin görkəmli ictimai-siyasi və elm xadimlərinin, tanınmış mədəniyyət və incəsənət nümyəndələrinin, nüfuzlu ağsaqqalların təmsil olunduqlarını və aktiv fəaliyyət göstərdiklərini qeyd ediblər.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev qardaş türk xalqları arasındakı tarixi yaxınlıqdan, dostluq münasibətlərindən söz açıb. Azərbaycan Ağsaqqallar Şurasının təşkilat olaraq geniş və səmərəli fəaliyyətini bəyəndiyini vurğulayaraq, bu təşkilatlanmanın digər ölkələrdə də həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Türk Dövlətləri Təşkilatının hər bir işdə qardaş respublikaların Ağsaqqallar Şuralarını dəstəkləməyə hazır olduğunu bildirib.
Baş katib Azərbaycan Ağsaqqallar Şurasında yaradılan şəraitlə tanış olduqdan sonra qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.