SİYASƏT
TÜRKİYƏLİ DEPUTATLAR MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞMÜŞLƏR
İyulun 19-da Türkiyə Böyük Millət Məclisinin ölkəmizdə səfərdə olan bir qrup qadın deputatı Bakının Nərimanov rayonu ərazisində tikintisi yarımçıq qalmış doğum evində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, qonaqlar əsasən Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarından olan məcburi köçkünlərin məişət problemləri ilə yaxından tanış olmuşlar. Türkiyəli qadın deputatlar üzvü olduqları beynəlxalq təşkilatların yüksək xitabət kürsüsündən istifadə edib qaçqın və məcburi köçkünlərimizin həyat şəraitləri, problemləri barədə dünya ictimaiyyətinə məlumat verəcəklərini bildirmişlər. Qeyd edilmişdir ki, yurd-yuvalarından didərgin düşmüş insanları – uşaqları, qocaları görmək çox ağırdır. Biz türklər çalışmalıyıq ki, təcavüzkar Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilsin və əhali öz doğma Vətəninə qayıtsın.