İDMAN
TÜRKİYƏ FUTBOL FEDERASİYASININ ƏRİZƏSİ QƏBUL EDİLMƏMİŞDİR
AZƏRTAC Türkiyə Kütləvi İnformasiya Vasitələrinə (KİV) istinadla xəbər verir ki, FİFA-nın Apelyasiya Komitəsi Türkiyə Futbol Federasiyasının (TFF) İsveçrə ilə oyundan sonra yığma komandaya verilən cəza sanksiyalarına dair apelyasiya ərizəsini qəbul etməmişdir.
Bu qərardan sonra, TFF-in rəhbərliyi qadağan olunmuş altı ev oyununu Avstriya, Almaniya, Azərbaycan və ya Gürcüstan ərazisində keçirməyi nəzərdə tutur.
Aprelin 12-də Türkiyə və Azərbaycan yığma komandaları arasında yoldaşlıq oyununa Türkiyədən gələcək böyük nümayəndə heyətinin tərkibində TFF-in prezidenti Haluk Ulusoyun da olacağı bildirilir. Türkiyə KİV-nin yazdığına görə, H.Ulusoyun paytaxtımıza səfəri zamanı AFFA prezidenti Ramiz Mirzəyevlə görüşündə məhz bu məsələyə xüsusi önəm veriləcəkdir.
Türkiyə yığmasının baş məşqçisi Fatih Terim isə bu yaxınlarda verdiyi müsahibələrin birində bitərəf meydanda keçirilməli olan altı oyunun məhz Bakıda olmasını arzulamışdır.