DÜNYA
“Taliban” Gilmənd əyalətinin paytaxtına genişmiqyaslı hücuma başlayıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Əfqanıstan Daxili İşlər Nazirliyi “Taliban” hərəkatı yaraqlılarının Gilmənd əyalətinin paytaxtı Ləşgərgah şəhərinə genişmiqyaslı hücumu barədə məlumat yayıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, yaraqlılar şəhərdəki bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Nazirlik nümayəndəsinin sözlərinə görə, ölkənin silahlı qüvvələri “onları tez bir zamanda geri oturdacaq”. “Taliban” yaraqlıları da öz növbəsində hücum faktını təsdiqləyərək bildiriblər ki, şəhərin içərilərinə doğru irəliləməkdə davam edirlər.
Gilmənd əyaləti qruplaşma üçün mühüm strateji əhəmiyyət daşıyır. Belə ki, bu əyalət illik dövriyyəsi 4 milyard dollar olan tiryək istehsalı mərkəzlərindən biridir. Narkotik satışından əldə olunan vəsaitin böyük hissəsi döyüş əməliyyatlarının maliyyələşdirilməsinə sərf edilir.
Bir qədər əvvəl yaraqlıların ölkənin şimalında yerləşən Qunduz şəhərinin böyük hissəsini ələ keçirdikləri barədə məlumat yayılıb.