CƏMİYYƏT
Tanınmış jurnalist İldırım Dəmirlinin 75 illik yubileyi qeyd edilib
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə tanınmış jurnalist İldırım Dəmirlinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin "Keçmişə ehtiramla, gələcəyə inamla!" layihəsi çərçivəsində çap olunmuş yeni nəşrin də təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, mərasimi Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli açaraq, yubilyara şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun təbriklərini çatdırıb. İldırım Dəmirlinin həyat yolundan danışan M.Ələsgərli onun qələmə aldığı yazıların, müəllifi olduğu əsərlərin oxucular tərəfindən həmişə rəğbətlə qarşılandığını bildirib.
Yubilyara Mətbuat Şurasının diplomu və Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi təqdim olunub.
Tədbirdə tanınmış jurnalistlər Məzahir Süleymanzadə, Tahir Aydınoğlu, Aqşin Babayev, Şəddat Cəfərov, Akif Cabbarlı və başqaları həmkarları haqqında dəyərli fikirlər səsləndirib, onun Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərini yüksək qiymətləndirib və ona xoş arzularını çatdırıblar.
Sonra İ.Dəmirli göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə və mərasim iştirakçılarına minnətdarlığını bildirib.
Sonda Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin illik hesabatı dinlənilib.