QAN YADDAŞI


Tanınmış misirli tədqiqatçı və jurnalistin 20 Yanvar faciəsindən bəhs edən kitabının Qahirədə təqdimatı olub

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycanın Misirdəki səfirliyi 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirir. Bu gün səfirlikdə Misirin Orta Asiya və Şərqi Avropa ölkələri üzrə mütəxəssisi, nüfuzlu tədqiqatçı və jurnalist Məhəmməd Sələmənin faciənin ildönümünə həsr olunmuş “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabının təqdimatı keçirilib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, təqdimat mərasimində Misirin nüfuzlu ictimai-siyasi xadimləri, qəzet redaktorları və media mərkəzlərinin nümayəndələri, jurnalistlər və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Səfir Tural Rzayev 20 Yanvar hadisələri barədə məlumat verərək, həmin tarixin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu qeyd edib. O, xalqımızın həmin çətin günlərində ümummilli lider Heydər Əliyevin Moskvadakı daimi nümayəndəliyinə gedərək sözügedən faciəyə siyasi qiymət verdiyini vurğulayıb. Səfir “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabın Misir ictimaiyyətinə təqdim edilməsinin əhəmiyyətini vurğulayıb.

Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin sabiq müdiri, Helvan Universitetinin professoru Adil Dərviş 20 Yanvar hadisələrinin canlı şahidi olduğunu, həmin vaxtlar Bakıda doktorantura pilləsində təhsil aldığını xatırladıb, sovet qoşunlarının dinc əhalini amansızcasına qətlə yetirdiyini, xəstəxanaların, yardıma gələn təcili yardım maşınlarının sıradan çıxarıldığını, hadisəni törədənlərin indiyədək cəzasız qaldığından təəssüfləndiyini bildirib.

Kitabın müəllifi M.Sələmə “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabın arxiv sənədləri əsasında yazıldığını deyərək həmin dövrdə Misir parlamentində bəzi deputatların Bakıda baş verən hadisələri kəskin pislədiyini və buna ciddi etiraz etdiyini, Misir qəzetlərinin bu barədə yazılarının əks olunduğunu qeyd edib.

Müəllif kitabında 1990-cı ildə sovet qoşunlarının 147 nəfərin qətlinə, 700-dən çox insanın yaralanmasına səbəb olan əməlini pisləyib, Bakıda törədilən qırğına şəxsən qol çəkmiş M.Qorbaçovun həmin il Nobel Sülh Mükafatına layiq görülməsinin böyük təəssüf hissi doğurduğunu qeyd edib. O, bununla bağlı həmin il Misir mətbuatında məqalə dərc etdirdiyini xatırladaraq, Misirin dost Azərbaycanın yanında olduğunu, sözügedən kitabın yazılmasının əsas məqsədinin isə həmin hadisələrin təfərrüatını Misir ictimaiyyətinin diqqətinə çatdırmaq olduğunu vurğulayıb.

Qeyd edək ki, sözügedən kitab səfirliyin maliyyə dəstəyi ilə Misirin Yaxın Şərq Media mətbəəsində çap edilib.

Tədbir Misirin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Tədbir zamanı səfirlikdə 20 Yanvar faciəsini əks etdirən videokadrlar nümayiş etdirilib və fotostendlər quraşdırılıb. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar səfirlik tərəfindən çap olunmuş kitabların sərgisi təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.