ELM VƏ TƏHSİL
Tarix Muzeyinin əməkdaşı beynəlxalq konqresdə məruzə edib
Bakı, 3 may, AZƏRTAC
Naxçıvan Universiteti, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) və Əl-Fərabi Sosial elmlər beynəlxalq Jurnalı (Al-Farabi İJSS) əməkdaşlarının təşkilatçılığı ilə “IX Beynəlxalq Əl-Fərabi sosial elmlər” konqresi keçirilib. Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova konqresdə həm məruzəçi, həm də moderator qismində iştirak edib.
Bu barədə AZƏRTAC-a Tarix Muzeyindən məlumat verilib. Bildirilib ki, tarix üzrə fəlsəfə doktorları Aygün Məmmədova və professor Abbas Seyidovun təqdim etdikləri “Turakinə xatun dövründə Naxçıvan və Kiranda zərb edilən gümüş dirhəmlər (muzey materialları əsasında)” adlı məruzədə mövcud numizmatik və arxeoloji tapıntılara əsasən XIII əsrdə Naxçıvanda pul təsərrüfatı, ictimai-siyasi vəziyyət və digər məsələlər barədə məlumat verilib. Məruzə 1244-1245-ci ilin Naxçıvan və Kiran gümüş dirhəmləri, həmçinin professor Abbas Seyidovun Monqolustana elmi səfəri zamanı qeydə alınmış fotolardan (Çingizilərin orta əsr yaşayış yeri, Çingiz xan taxtı, dövrün tapıntılarının qorunduğu muzeylər və s.) tərtib edilmiş elektron slaydla müşayiət olunub.
Konqres “Zoom” platforması üzərindən baş tutub. Konqresdə Ukrayna, Moldova, Gürcüstan, Qazaxıstan, Malayziya, Hindistan, Nigeriya, Pakistan və digər ölkələrdən müxtəlif ixtisaslar üzrə 100-dən çox alim və mütəxəssis çıxış edib. Konqres məruzələrinin impakt faktorlu məqalələr toplusunda nəşr edilməsi nəzərdə tutulur.