ELM VƏ TƏHSİL
Tarixi Muzeyində tədbir: Heydər Əliyev fenomeni və müasir Azərbaycan
Bakı, 8 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Heydər Əliyev fenomeni və müasir Azərbaycan” mövzusunda tədbir keçirilib. Tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova “Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzə ilə çıxış edib. O, Ümummilli Liderin Azərbaycan gənclərinə həmişə böyük diqqətlə yanaşdığını vurğulayıb. Qeyd edib ki, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılıb, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alıb, müasir ixtisaslara yiyələnib.
Muzeyin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda çıxış edib. O deyib: “Hər dəfə ümummilli liderimiz Heydər Əliyev və onun tarixdəki yeri barədə düşünərkən anlayırıq ki, Azərbaycan dövləti öz taleyini etibarlı əllərə tapşırıb. Müstəqil Azərbaycan dövləti, bu gün artıq əsasları kifayət qədər möhkəm olan dövlətçiliyimiz, dünyaya açılmış qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, işıqlı yol - bu reallıqların hər birində Heydər Əliyevin imzası var”.
Muzeyin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı Fatma Qəniyeva “Milli inkişafımızın memarı Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı məruzə ilə çıxış edib. F.Qəniyeva vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan dövləti xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, “dövlət-vətəndaş” birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib.
Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Zümrüd İsmayılova “Milli mədəniyyətimizdə Heydər Əliyev ideyaları (MATM materialları əsasında)” adlı məruzə ilə çıxış edib. Z.İsmayılova qeyd edib ki, milli-mədəni, tarixi dəyərlərə, muzey işinə maraq ulu öndərimiz Heydər Əliyevdə hələ tələbəlik illərindən yaranıb. Azərbaycanda muzey işinə qayğı, diqqət Ümummilli Liderin fəaliyyətində xüsusi yer tutub.
Sonra tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini böyük ehtiramla yad ediblər.