SİYASƏT


Tarixi qaranlıq məqamlarla dolu olan ABŞ-ın ermənilərin təəssübkeşliyini çəkməsi süni görünür

Bakı, 25 aprel, AZƏRTAC

ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi bir tərəfdən erməni təəssübkeşliyidirsə, digər tərəfdən Türkiyənin regionda artan nüfuzuna qarşı təzyiq vasitəsidir. ABŞ-da prezidentliyə əksər namizədlər kimi, Co Bayden də seçkiöncəsi təbliğat kampaniyasında “erməni soyqırımı”nı tanıyacağını bildirmişdi. Lakin digər prezidentlərdən fərqli olaraq, o, bu ifadəni işlətdi. Baydenə qədər ABŞ-ın heç bir prezidenti bu ifadəni işlətməmişdi. Sadə sual ortaya çıxır. Bu ifadənin məhz indi işlədilməsi nəyə xidmət edir?

Bunu AZƏRTAC-a açıqlamasında Mili Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat qeyd edib ki, Türkiyə son illər qlobal gücə çevrilib. Regionda baş verən bütün proseslərdə Türkiyə həlledici rola malikdir. Yaxın Şərqdə, Afrikanın şimalında, Şərqi Afrikada, Cənubi Qafqazda, Mərkəzi Asiyada baş verən proseslərdə Türkiyənin çox böyük təsir gücü var. Türkiyə müstəqil qərarlar verir və bu qərarları sonadək icra edir. Bundan əlavə, ölkənin iqtisadiyyatı kifayət qədər yaxşı göstəricilərə malikdir. Türkiyə qarşına qoyduğu 2023 Hədəflərinə doğru uğurla irəliləyir. ABŞ-la strateji əlaqələrinə baxmayaraq, bəzi məqamlarda Türkiyə dövləti müstəqil qərarlar verərək, məhz milli maraqlarını üstün tutur. Bu misalları biz hələ çox çəkə bilərik. Görünür, regionda Türkiyənin güclənməsi ABŞ-ın da maraqlarına uyğun gəlmir.

Ş.İsmayılov bildirib ki, məhz bu səbəbdən tarix boyu müxtəlif qüvvələrin aləti olmuş ermənilər bu dəfə də ucuz təzyiq vasitəsinə çevrilirlər. 1915-ci ildə baş verən hadisələrin soyqırımı ilə heç bir əlaqəsi yoxdur. Türkiyə dövləti bir neçə dəfə öz arxivlərini açmağa və bu hadisələrin araşdırılması üçün beynəlxalq komissiya yaratmağa hazır olduğunu bildirib. Lakin ermənilər hər dəfə buna qarşı çıxıblar. Çünki hər kəsdən daha çox ermənilərə məlumdur ki, 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələr soyqırımı deyil.

“Hazırkı dövrdə də Ermənistan dövlətinin yeganə yolu qonşuları ilə normal münasibətlərdən keçir. Əgər onlar Baydenin bu ifadəsindən ilhamlanıb hər hansı başqa bir xəyala düşərlərsə, bu, Ermənistan dövlətinə baha başa gələcək. Yeri gəlmişkən, tarixi qaranlıq məqamlar və soyqırımlarla dolu olan ABŞ-ın ermənilərin təəssübkeşliyini çəkməsi çox süni görünür”, - deyə deputat vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.