İQTİSADİYYAT


Taro Savada: Məqsədimiz Vətən müharibəsində Qələbə qazanmış Azərbaycanda quruculuq işlərinə töhfə verməkdir VİDEO

Tokio, 5 avqust, AZƏRTAC

Məqsədimiz Vətən müharibəsində böyük Qələbə qazanmış Azərbaycanda, xüsusən işğaldan azad edilmiş Qarabağda aparılan quruculuq və bərpa işlərinə töhfə verməkdir.

Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində “TET International Development Co.Ltd.” şirkətinin təsisçisi və prezidenti, tanınmış yapon iş adamı Taro Savada deyib.

Azərbaycana ilk səfərinin 2017-ci ilin oktyabrında, Bakıda təşkil edilən “Yaponiya qida məhsulları sərgisi” zamanı baş tutduğunu xatırladan T.Savada ölkəmizin onu qədim tarixi, zəngin mədəniyyəti, sürətli inkişafı və qonaqpərvər insanları ilə cəlb etdiyini deyib. Vurğulayıb ki, sərgi zamanı azərbaycanlılar tərəfindən gördüyü səmimiyyət, yapon xalqına olan hörmət onu ölkəmizdə biznes qurmağa həvəsləndirib. Tokioya qayıtdıqdan sonra Azərbaycanda iş qurmaq məqsədilə yapon investorları cəlb edərək yeni şirkət yaradıb. Azərbaycanın böyük potensiala malik olduğu nəzərə alınaraq, həmin şirkətin qarşısında duran vəzifələrə kənd təsərrüfatına investisiyaların yönəldilməsi, ticarət biznesi, ağac kömürü istehsalı məqsədilə zavodların yaradılması, Azərbaycan və Yaponiya arasında insan resursları sahəsində mübadilə, mədəni əməkdaşlığın inkişaf etdirilməsi kimi istiqamətlər daxil edilib. Eyni zamanda, Azərbaycanda yapon, Yaponiyada isə Azərbaycan restoranlarının yaradılması da bu plana əlavə olunub.

İlk olaraq 2019-cu ildən başlayaraq kənd təsərrüfatı, xüsusən tütünçülük sahəsinə diqqət yönəltdiklərini vurğulayan iş adamı bu sahəyə ümumilikdə təqribən 10 milyon dollar investisiya qoyduqlarını, Şəki, Zaqatala, Tovuz və Oğuz rayonlarında müəssisələr açdıqlarını deyib. Bildirib ki, həmin müəssislərdə 210 ədəd yarpaq qurudan maşın quraşdırılıb, ümumilikdə 1800-ə yaxın yerli sakin işlə təmin edilib. Çəkilən əziyyət tezliklə bəhrəsini verib. Ümumilikdə 1100 hektar sahədən 18 ton yaş tütün yarpağı yığılıb. Qurudulan məhsul isə Rusiya, Belarus və Şərqi Avropa bazarlarına ixrac edilib.

Şirkətin, həmçinin xüsusi tamı və keyfiyyəti ilə seçilən Azərbaycan məhsullarını Yaponiyaya ixracına başladığını qeyd edən T.Savada bal, qara çay, müxtəlif cemlər, mürəbbələr, şərablar, tütün məhsullarının satışı məqsədilə xüsusi onlayn şəbəkənin yaradıldığını bildirib. Qeyd edib ki, “azer-table.jp” adlı sayt vasitəsilə yapon alıcılara “Made in Azerbaijan” brendli məhsulların müxtəlif çeşidləri təqdim olunur. Əminliklə bildirib ki, yüksək keyfiyyəti və dadı ilə seçilən bu orqanik məhsullar Yaponiya bazarında tezliklə özünə yer edəcək.

Şirkətin gələcək planları barədə məlumat verən yapon iş adamı bildirib ki, ötən ilin payızında qəhrəman Azərbaycan ordusunun işğal altında olan torpaqları azad etməsi, həmin ərazilərdə başlanan yenidənqurma və bərpa işləri digər dost ölkələr kimi Yaponiyanın da diqqətindədir. Möhtəşəm qələbə münasibətilə xalqımıza təbriklərini çatdıran T.Savada Yaponiya şirkətlərinin, o cümlədən “TET International Development Co.Ltd.” şirkətinin də böyük məmnuniyyətlə həmin ərazilərə investisiya yatırmağa, burada aparılacaq quruculuq işlərinə qoşulmağa hazır olduğunu bildirib. 2024-cü ilədək şirkət tərəfindən Azərbaycana ümumilikdə 30 milyon dollar investisiya yatırılmasının planlaşdırıldığını vurğulayan yapon iş adamı müvafiq qurumlarla aparılan danışıqların nəticəsi olaraq, şirkət üçün işğaldan azad edilmiş rayonlardan təqribən 800 hektar torpaq sahəsinin ayrılmasının nəzərdə tutulduğunu da deyib.

Müsahibəyə qatılan digər yapon iş adamı, Azərbaycana investisiya yatıran şirkətlər qrupuna daxil olan “LDS Group” şirkətinin prezidenti Miyamoto Tamiyuki də ölkəmizə 2017-ci ildə baş tutan ilk səfərindən sonra qəlbində xalqımıza böyük məhəbbət yarandığını bildirib. Azərbaycanın öz müasir inkişafı, zəngin mədəniyyəti, çox dadlı mətbəxi ilə onu heyran etdiyini, həmçinin investisiya qoyuluşu üçün yaradılan şəraitin onları cəlb etdiyini deyib. Bildirib ki, bu layihə hər iki xalq üçün iqtisadi bəhrə verməklə yanaşı, onları bir-birinə daha da yaxınlaşdıracaq, dostluq əlaqələrinin inkişafına təkan verəcək.

Rəhbərlik etdiyi şirkətin həyata keçirəcəyi layihələrin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına da təkan verəcəyinə əmin olduğunu bildirən Taro Savada isə məhz bundan sonra həmin torpaqların əsil sahiblərinin öz doğma evlərinə, ata-baba ocaqlarına qayıdacağını bildirib. Bu müqəddəs işdə onların da əməyinin olmasından qürur hissi keçirdiyini deyib.

Qəlbində zaman baxımından çox qısa müddətdə Azərbaycan xalqına böyük məhəbbətin yer aldığını vurğulayan T.Savada müsahibəsini bu sözlərlə tamamlayıb: “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.