CƏMİYYƏT
Təcili tibbi yardım şöbələrində xidmət keyfiyyətinin ölçülməsi meyarları müzakirə edilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnnovasiya və inkişaf departamentinin Keyfiyyətə nəzarət şöbəsinin təşkilatçılığı ilə bölgələrdə fəaliyyət göstərən keyfiyyətə nəzarət menecerlərinə onlayn təlim kursları keçirilir.
TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vəbinarlar zamanı təcili tibbi yardım şöbələrində olan xidmət keyfiyyətinin ölçülməsi meyarları, yaradılan və yenilənən keyfiyyət standartları, müvafiq indikatorların istifadəsi ilə yaradılan çek-listlərlə keyfiyyətin səviyyəsinin ölçülməsi, əldə edilən məlumatın təhlil edilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, keyfiyyətə nəzarət menecerləri tibb müəssisələrində tibbi və qeyri-tibbi xidmətlərin keyfiyyətinin səviyyəsinin yüksək olmasına cavabdeh olan aparıcı işçilərdir.