ELM VƏ TƏHSİL
Təhsil Nazirliyinin nümayəndəsi: Yaxın günlərdə 40 minə yaxın tələbəyə təhsil krediti veriləcək
Bakı, 17 sentyabr, AZƏRTAC
Yaxın günlərdə 40 minə yaxın tələbəyə təhsil krediti veriləcək.
AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 17-də “Media və təhsil dialoqu” maarifləndirici təlimdə çıxış edən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli söyləyib. O bildirib ki, tələbə krediti həm bakalavr, həm də magistr təhsili alan tələbələrə veriləcək. Buraya həm sosial təhsil tələbə krediti, həm də standart təhsil tələbə krediti aiddir. Sistemin hazırlanması, banklarla müqavilə, sığorta məsələləri artıq həll edilib. Təhsil tələbə krediti Azərbaycan təhsil sistemində inqilabi bir dəyişiklikdir.
Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.