ELM VƏ TƏHSİL
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 18-də növbəti buraxılış imtahanları keçirəcəkdir VİDEO
Bakı, 17 iyun (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, qeyd olunan rayonlarda imtahanların keçirilməsi üçün imtahan mərkəzləri ayrılmışdır.
Həmin imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Həmin gün saat 10.00-da IX sinif şagirdləri, 15.00-da isə XI sinif şagirdləri imtahan verəcəklər.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: “İmtahana buraxılış vərəqəsi”ni; şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqələrini;
b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
16 yaşı 2014-cü il aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Bu imtahanlarda ümumilikdə 38 min 212 şagirdin iştirak edəcəyi gözlənilir.
TQDK, həmçinin iyunun 18-də Bakı şəhərində Respublika Olimpiya İdman liseyinin IX və XI sinif şagirdləri üçün də buraxılış imtahanları keçirəcəkdir. Bu imtahanlarda 84 nəfər IX, 71 nəfər XI sinif şagirdinin iştirakı gözlənilir.
Həm IX, həm də XI siniflərin imtahanlarının idarə edilməsi üçün ümumilikdə 156 imtahan rəhbəri, 2 min 36 nəzarətçi-müəllim ayrılmışdır.
Buraxılış imtahanı Ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.
TQDK buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və riyaziyyat fənlərindən test tapşırığı nümunələrini və təqdim ediləcək yazı işlərinin mövzularını Komissiyanın internet saytında yerləşdirmişdir.
İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.
Hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün elektron ərizə təqdim etmiş IX sinif şagirdlərinin orta ixtisas təhsili müəssisələrinə yerləşdirilməsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaqdır. Bununla əlaqədar qəbul qaydaları və qəbul elanı “Abituriyent” jurnalının 3-cü nömrəsində dərc edilmişdir.
Səhifənin qısa keçidi: http://www.tqdk.gov.az/~RydWf