ELM VƏ TƏHSİL


Tələbələr BP-ni “kəşf ediblər”

Bakı, 14 noyabr, AZƏRTAC

“BP Azerbaijan” şirkəti noyabrın 14-də Bakının dörd universitetindən - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetindən seçilmiş 30 nəfərdən ibarət tələbə qrupu üçün “BP-ni kəşf et” adlı “Açıq qapı” günü keçirib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, onlar mexanika mühəndisliyi, inşaat mühəndisliyi, elektrik mühəndisliyi, neft mühəndisliyi və geoloji kəşfiyyat üzrə təhsil alan ikinci kurs tələbələri olub.

Tədbir BP-nin təcrübə və səriştələrini bölüşmək, eləcə də gənc mühəndislərin təhsilinə və inkişafına dəstək göstərilməsi üçün şirkətin fəaliyyətləri, texnologiyaları, əməliyyatları, prosesləri və mexanizmləri haqqında məlumat vermək məqsədi daşıyan “BP-nin universitetlərlə əməkdaşlıq proqramı” çərçivəsində təşkil edilib.

BP-nin insan resursları üzrə vitse-prezidenti Nərminə Nəbiyeva deyib: “Biz inanırıq ki, bu tədbir tələbələr üçün Azərbaycanda neft və qaz sənayesindəki perspektivlər və təcrübələr haqqında daha yaxından məlumat almağa gözəl imkan yaratdı. Biz bu tədbiri tələbələrin neft-qaz sənayesində və xüsusən də BP-də mühəndis yaxud mütəxəssis kimi öz gələcək karyeralarını necə qura biləcəklərini başa düşmələrinə yardım etmək üçün nəzərdə tutmuşuq.”

Tədbirin proqramı təqdimatlardan və BP-nin obyektlərinə səfərlərdən ibarət olub. Tədbir tələbələrə BP-nin təcrübə və məzun proqramı üzrə imkanlar haqqında ətraflı məlumat almağa, BP-nin yüksəkvəzifəli əməkdaşlarından onların rolları barədə öyrənməyə və eləcə də şirkətə yeni işə götürülmüş məzunlarla ünsiyyət qurmağa şərait yaradıb.

“Açıq qapı” günü çərçivəsində tələbələr, həmçinin BP-nin əməliyyatçısı olduğu Səngəçal terminalına səfər edib və öz nəzəri biliklərinin praktikada necə tətbiq olunacağını görmək üçün iş sahələri ilə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.