REGİONLAR
Tələbələr “Radikalizm, dini ekstremizm və terrorizmin fəsadları” mövzusunda maarifləndiriliblər
Gəncə, 29 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyəti, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəhər idarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində “Radikalizm, dini ekstremizm və terrorizmin fəsadları” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin professor-müəllim və tələbə heyəti, DTX-nin Gəncə idarəsinin nümayəndəsi və DQİDK-nın bölgə təmsilçisi iştirak edib.
Əsasən gənc nəslin bu sahədə maarifləndirilməsi məqsədi daşıyan tədbirdə müvafiq qurumların nümayəndələri çıxış edib, ölkədə radikalizm, dini ekstremizm və terrorizmin fəsadlarının qarşısının alınması yollarından danışıblar.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək gənclər arasında belə maarifləndirmə tədbirlərinin tez-tez keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda dövlət qurumları tərəfindən tələbələrin sualları cavablandırılıb, onlara ölkənin dövlət maraqlarına zidd olan bəzi məsələlərin mahiyyəti izah olunub.