İQTİSADİYYAT
Tələbələr üçün elektron ticarətlə bağlı təlim təşkil edilib
Bakı, 23 fevral, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüş təşkil edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkədə yeni tətbiq olunan innovativ həllərin dövlət idarəçiliyində rolu haqqında məlumatlar təqdim olunub və bu həllərin geniş tətbiqi ölkə başçısının rəhbərliyi altında aparılan islahatların tərkib hissəsi olduğu bildirilib.
“Azexport” portalının meneceri Ayxan Qədəşov portal vasitəsilə təqdim olunan onlayn vahid ixrac ərizəsinin iş prinsipi və sahibkarlıq subyektlərinə yaratdığı unikal imkanlardan danışıb. Bundan əlavə Azərbaycanda ilk dəfə olaraq “Azexport.az” internet portalı vasitəsilə təqdim olunan sərbəst satış sertifikatının ölkəmizin ixrac coğrafiyasının genişləndirilməsində oynadığı mühüm rol haqqında geniş məlumatlar təqdim olunub.
Tədbirdə “Azexport.az” internet portalı tərəfindən dəvət olunan və mərkəzi ofisi Cenevrədə yerləşən Beynəlxalq Ticarət Mərkəzinin (ITC) ekspertləri də iştirak edib. Ekspertlər tərəfindən tələbələrə “Alibaba” və “Amazon” kimi nəhəng beynəlxalq elektron ticarət platformalarının yaratdığı imkanlardan özünəməşğulluq istiqamətində istifadə haqqında yeni bilik və bacarıqlar tədris edilib.
Sonda 100-dək tələbəyə sertifikat verilib.