CƏMİYYƏT
“Təmiz Binəqədi” Gənclər Forumu keçirilib
Bakı, 30 yanvar, AZƏRTAC
Binəqədi rayonunda 2 Fevral - Gənclər Günü münasibətilə “Təmiz Binəqədi” Gənclər Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə forum iştirakçıları ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi önünə gül dəstələri qoyub və dahi şəxsiyyətin ruhuna ehtiramlarını bildiriblər.
Forum öz işinə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Binəqədi rayonunda gənclərlə iş sahəsindən bəhs edən hesabat videoçarxı nümayiş olunub.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, əldə edilən uğurlardan danışıb.
Sonra forumda Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, “ASAN xidmət” mərkəzinin insan resursları və təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev, “ASAN könüllüləri” Gənclər Təşkilatının sədri Fərid Sadıxlı, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, ali məktəblərə qəbul zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış fəal Binəqədi gənci Zəhra Nəbizadə çıxış ediblər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov əsasını ulu öndər Heydər Əliyevin qoyduğu gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. X.İsgəndərov hər bir Azərbaycan gəncinin ölkəmizin mənafeləri naminə öz bilik və bacarıqlarını, yaradıcı potensiallarını nümayiş etdirmələrinin vacibliyini vurğulayıb.
Sonra rayonun ictimai-mədəni həyatında fəallığı ilə seçilən bir qrup gənc Binəqədi RİH-in fəxri fərmanları ilə təltif edilib. Ötənilki ənənənin davamı olaraq xüsusi fəallığı ilə seçilən bir nəfər gənc isə London Meridian Kollecində iki həftəlik xarici dil kursunda iştirak edəcək.
Forum öz işini “Təmiz Binəqədi” Gənclər Forumunun iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinin oxunması ilə yekunlaşıb.
Sonda Forum iştirakçıları tərəfindən “Gənclərin Təmiz Binəqədi” təşəbbüs qrupu yaradılıb.