REGİONLAR
Tərtər: İntensiv bağçılıq təsərrüfatında istehsal olunan məhsul yerli bazarla yanaşı, xaricə də göndərilir FOTO VİDEO
Tərtər, 5 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Rayonda aqrar sektorun digər sahələri ilə yanaşı, bu istiqamətdə də inkişafa nail olunub. Son illərdə rayon ərazisində meyvə bağlarının sahəsi artırılaraq 1510 hektara çatdırılıb.
Hazırda rayonun digər bağlarında olduğu kimi, “Aqropat” MMC tərəfindən Tərtərin Xoruzlu kəndində yaradılmış intensiv bağçılıq təsərrüfatında da meyvə yığımı davam edir. MMC-nin direktoru Elçin Maqsudov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, xarici bazarlara çıxarmaq üçün rəqabət qabiliyyətli məhsul istehsal etmək məqsədilə ilkin olaraq 128 hektarda yaradılan və sonradan sahəsi 250 hektara çatdırılan təsərrüfatda İspaniya və Türkiyədən gətirilmiş yüksək məhsuldar meyvə tingləri müasir texnologiya əsasında əkilib. Bağçılıq təsərrüfatının yaradılmasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən də istifadə edilib. Burada almanın, armudun, gilasın, əriyin, gavalının, şaftalının müxtəlif sortları, həmçinin alça, nar, xurma və badam ağacları müasir texnologiyalar əsasında becərilir.
Bağın salınmasında xaricdən dəvət olunmuş mütəxəssislərdən məsləhət alınıb. Rayonun beş illik iqlim şəraiti nəzərdən keçirilib. Meyvə ağaclarının küləkdən qorunması üçün bağın kənarlarında şam ağacları əkilib. Təsərrüfatda yollara asfalt örtük salınıb, bağın daxilindəki yollar çınqıl tökülərək hamarlanıb. Bağın suvarma suyu ilə təmin olunması üçün 45 min və 21 min kubmetr tutumu olan iki su anbarı inşa edilib. Tərtərçaydan anbarlara vurulan su motorlar vasitəsilə filtrlərə ötürülür, sonra isə bağa verilir. Bağda ağacların suvarılması mərkəzləşdirilmiş qaydada - elektron sistemlə, damlama üsulu ilə həyata keçirilir. Ənənəvi üsulla suvarmadan fərqli olaraq damlama üsulu ilə suvarma zamanı suya qənaət edilir, torpağın keyfiyyəti qorunur, məhsuldarlıq artır.
İntensiv bağçılıq təsərrüfatında işçilər üçün istirahət otaqları, yeməkxana, ofis binası inşa edilib. Bu il, həmçinin soyuducu anbarın tikintisi nəzərdə tutulub. Gələcəkdə bağın genişləndirilməsi davam etdiriləcək.
Ötən il ilk barını verən ağaclarda bu il bol məhsul yetişib. Artıq alça, ərik, yastı şaftalı və armudun yaylıq sortunun yığımı başa çatıb. Hazırda şaftalının nektarin sortunun yığımı həyata keçirilir. Hər hektarın məhsuldarlığı orta hesabla 15-20 tondur. Yığılan məhsul çeşidlənir, qablaşdırılır, soyuducu anbarda çəyirdəyi müəyyən olunmuş temperaturda soyudulur, sonra satışa çıxarılır. Təsərrüfatda istehsal edilən məhsul yerli bazarlarla yanaşı, Rusiya bazarlarına da göndərilir. Avqust ayının 20-dən sonra armudun digər sortunun və badamın yığımına başlanılacaq.
Təsərrüfatda işlə təmin olunan sakinlərdən biri də Gülşən Ağayevadır. “Bağçılıq təsərrüfatı yaranandan burada işləyirik. Bağın salınmasında, ağacların becərilməsində iştirak etmişəm. Keçən il meyvələrin ilk barı olub. Bu il karantin dövrünün tələblərinə uyğun olaraq işləyirik. Məhsulumuz boldur, meyvələr gözəldir”, - deyə G.Ağayeva bildirib.
İntensiv bağçılıq təsərrüfatında 70 nəfər daimi, 200 nəfərə yaxın sakin isə mövsümi işlərə cəlb olunub.