REGİONLAR
Tərtər: ötən tədris ilinin yekunları təhsil işçiləri üçün uğurlu olub
Tərtər, 5 sentyabr, AZƏRTAC
2017-2018-ci dərs ilində Tərtər rayonunda 47 ümumtəhsil məktəbi fəaliyyət göstərib, 10 min 342 şagirdin təlim-tərbiyəsi ilə 1335 nəfər müəllim məşğul olub. Əvvəlki illərdə olduğu kimi, ötən tədris ilində də rayonun şagirdləri respublika fənn olimpiadalarında, müxtəlif yarış və müsabiqələrdə fəal iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Tərtər şəhərindəki Mədəniyyət Mərkəzində keçirilən təhsil işçilərinin ənənəvi sentyabr konfransında bəhs edilib. Rayonun təhsil işçiləri əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyublar.
Konfransda ötən tədris ilində görülən işlər ətraflı təhlil edilib, qarşıda duran vəzifələrdən bəhs olunub. Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyevin məruzəsində ötən tədris ilinin uğurlu olduğu bildirilib. Diqqətə çatdırılıb ki, orta ümumtəhsil məktəblərini bitirən 588 nəfər məzundan 363 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 224 nəfər ali, 108 nəfər isə orta-ixtisas məktəblərinə qəbul olub. Gənclərdən 19 nəfəri 500-600 arası, 10 nəfər isə 600-dən yuxarı bal toplayıb.
Bildirilib ki, respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür, yeni məktəblər inşa edilir, mövcud məktəblər təmir olunur və ya yenidən qurulur. Ötən tədris ilində Tərtər şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir edilib, Bayandur, Poladlı kəndlərində modul tipli məktəblər tikilib. Seydimli kənd tam orta məktəbinin əlavə korpusu və Qaradağlı kənd tam orta məktəbinin bir korpusu əsaslı təmir olunub. Hazırda Zolgəran kənd ümumi orta və Kovdadıq kənd ibtidai məktəbləri üçün modul tipli məktəblərin tikintisinə hazırlıq işləri görülür, Buruc kənd tam orta məktəbi cari təmir edilir. Rayonun digər məktəblərində də daxili imkanlar hesabına təmir işləri aparılaraq səliqə-sahman yaradılıb, yaşıllıqlar salınıb.
Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Təhsil Nazirliyinin əməkdaşı Ənvər Abbasov təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb, respublikamızda, o cümlədən Tərtər rayonunda təhsilin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, pedaqoji kollektivin qarşısında duran vəzifələrdən danışıblar.
Sonda bir qrup təhsil işçisinə, 500-dən yuxarı bal toplayan tələbələrə fəxri fərman, qiymətli hədiyyələr və pul mükafatları verilib.