REGİONLAR
Tərtər rayonunda 8 min tona yaxın pambıq istehsalı proqnozlaşdırılır
Tərtər, 20 sentyabr, AZƏRTAC
Tərtər rayonunda keçirilən müşavirədə pambıq yığımı mövsümünün başlanması ilə əlaqədar görüləcək işlər, məhsulun vaxtında və itkisiz yığılması üçün qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, pambıq istehsalçılarının, fermerlərin, pambıq qəbulu məntəqələrinin əməkdaşlarının, sürücü mexanizatorların, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi toplantıda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, dövlət başçısı tərəfindən pambıqçılığın inkişafının prioritet məsələ kimi qarşıya qoyduğunu diqqətə çatdırıb, bu istiqamətdə görülən işlərdən danışıb.
Bildirilib ki, pambıqçılığın inkişafına verilən dövlət dəstəyi Tərtər rayonunun pambıq istehsalçılarında böyük ruh yüksəkliyi yaradıb. Bu il rayonda 3123 hektar sahədə pambıq əkilib ki, bu da ötən illə müqayisədə 2 min hektar çoxdur. Becərmə işləri vaxtlı-vaxtında həyata keçirilib, tarlalarda bol məhsul yetişib. Məhsulun vaxtında və itkisiz toplanması üçün səmərəli işlər görülüb. Artıq məhsul yığımına başlanılıb. Rayonda pambığın qəbulu və tədarükü “CTS Aqro” MMC və “MKT İstehsalat Kommersiya” MMC tərəfindən həyata keçirilir.
Müşavirədən sonra rayon icra hakimiyyətinin başçısı tarlalara gələrək, pambıq istehsalçıları ilə görüşüb, qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların rəhbərlərinə göstərişlər verib.
Azad Qaraqoyunlu, Evoğlu və Hüsənli kəndlərindəki tarlalarda 7 ədəd pambıqyığan maşın tərəfindən məhsul yığımına başlanılıb. Ümumilikdə isə indiyədək rayonda 100 ton pambıq tədarük edilib. Bu il rayon üzrə 8 min tona yaxın “ağ qızıl” istehsalı proqnozlaşdırılır.