CƏMİYYƏT
Tibb Universitetində praktika keçən əcnəbi tələbələrlə görüş keçirilib
Bakı, 28 iyul, AZƏRTAC
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Almaniya, Rumıniya və İtaliyadan praktikaya gələn tələbələrlə görüş keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev universitetin xarici ali təhsil müəssisələri ilə əməkdaşlığı, müştərək layihələr və elmi araşdırmalar barədə ətraflı məlumat verib. Qeyd edib ki, Tibb Universiteti ilə dünyanın bir sıra aparıcı universitetləri arasında əməkdaşlığa dair memorandumlar imzalanıb ki, bunun sayəsində həmin ali məktəblərlə uğurlu tələbə mübadiləsinin aparılması mümkün olub. Bildirilib ki, Həkimlər və Təbib Tələbələr Birliyi ilə artıq uzun illərdir aktiv əməkdaşlıq aparılır. Əməkdaşlıq çərçivəsində bu ildə olduğu kimi əcnəbi tələbələr ATU-nun müxtəlif klinikalarında yay praktikası keçirlər. Daha sonra prorektor əcnəbi tələbələri maraqlandıran sualları cavablandırıb, həmçinin onların rəy və təkliflərini dinləyib.
Tədris Cərrahiyyə Klinikasının baş həkimi, professor Ramiz Poluxov əcnəbi tələbələrin praktika keçməsi üçün yaradılan şərait haqqında danışıb. Onun sözlərinə görə, tələbələrin hər birinə kurator təyin edilib. Bu müddət ərzində avropalı gənclər ATU həkimlərinin apardığı maraqlı cərrahiyyə əməliyyatlarında iştirak edib, müayinə və müalicə proseslərini yaxından izləyiblər. Professor qarşılıqlı əməkdaşlığın gələcəkdə müsbət nəticələr verəcəyindən əminliyini vurğulayıb.
Görüş zamanı Avropa ölkələrindən olan tələbələr də onlar üçün yaradılan şərait və mehriban münasibət üçün minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında praktika müddətində maraqlı təlimlərdə iştirak edib, tanınmış alimlərdən dərs alıb, modern tibbi mulyajlar üzərində işləyiblər.